Dövlət qulluqçularinin pensiya təminati haqqinda Azərbaycan Respublikasinin Qanunu

Bu qanun dövlət qulluqçularının pensiya təminatının əsaslarını və qaydasını tənzimləyir.

Maddə 1. Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Dövlət qulluğu haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunlarından, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlardan, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 2. Dövlət pensiyası almaq hüququ olan şəxslər

2.1. Bu qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla aşağıdakı şəxslərin dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır:

2.1.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gün icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında çalışmış dövlət qulluqçuları;

2.1.2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları;

2.1.3. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadı (əri), anası (atası), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızı (oğlu).

2.2. Bu qanun Azərbaycan Respublikasının baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

2.3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxması və ya dövlət qulluqçusu andını pozması ilə əlaqədar işdən azad edilmiş dövlət qulluqçularına və onların ailə üzvlərinə bu qanunla pensiya təyin olunmur.

Maddə 3. Pensiya seçmək hüququ

3.1. "Vətəndaşların pensiya təminatı haqqında", "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunları, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlar və bu qanun ilə müəyyən edilmiş pensiyaları almaq hüququna malik olan dövlət qulluqçularına öz arzuları ilə bir pensiya təyin edilir.

3.2. Dövlət qulluqçuları bu qanunla müəyyən edilmiş pensiya ilə yanaşı, könüllü (əlavə) sosial sığorta hesabına digər pensiyalar almaq hüququna malikdirlər.

Maddə 4. Pensiya ödənilməsinin maliyyə mənbələri

Bu qanuna əsasən təyin edilmiş pensiya məcburi dövlət sosial sığorta ayırmaları hesabına ödənilir.

Maddə 5. Pensiyanın təyin olunması şərtləri

5.1. Bu qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda, bu qanunla pensiya almaq hüququ vardır.

5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir:

5.2.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı;

5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı;

5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti.

5.3. Dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır.

5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır.

Maddə 6. Pensiyanın miqdarı

6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir:

6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında;

6.1.2 dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla;

6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla.

6.2. Bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir:

6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında;

6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında.

6.3. Bu qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür.

Maddə 7. Pensiyanın hesablanması üçün nəzərə alınan dövlət məvacibi

7.1. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artırmalar da nəzərə alınmaqla hesablanır.

7.2. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 8. Pensiyanın təyin edilməsi qaydası

8.1. Bu qanunla müəyyən edilən pensiya şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

8.2. Pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.

8.3. Pensiya təyin edən orqan təqdim edilmiş sənədlərə onların daxil olduğu vaxtdan ən geci 10 iş günü müddətində baxır.

Maddə 9. Pensiyanın təyin edilməsi müddətləri

9.1. Pensiya müraciət olunan gündən ömürlük təyin edilir.

9.2. Pensiya bu qanunla nəzərdə tutulmuş və onun ödənişinin dayandırılmasına səbəb olan halların yarandığı günədək ödənilir.

Maddə 10. Pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar

10.0. Bu qanuna əsasən təyin edilmiş pensiyanın ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır:

10.0.1. pensiyaçı vəfat etdikdə;

10.0.2. pensiyaçı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;

10.0.3. dövlət qulluğunda xidmət müddətində;

10.0.4. dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulan ailə üzvü vəfat etdikdə;

10.0.5. dövlət qulluqçusunun, yaxud pensiyaçının dul arvadı (əri) yeni nikah bağladıqda;

10.0.6. dövlət qulluqçusunun, yaxud pensiyaçının qızı (oğlu) 22 yaşına çatanadək işləməyə başladıqda.

Maddə 11. Pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar barəsində məlumat vermək vəzifəsi

Pensiya alan şəxs pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar barəsində 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludur.

Maddə 12. Pensiyanın yenidən hesablanması

12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.

12.2. Dövlət qulluqçusunun, yaxud pensiyaçının bu qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinə təyin edilmiş pensiya aşağıdakı hallarda yenidən hesablanır:

12.2.1. dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun uşağı doğulduqda;

12.2.2. bu qanunun 10.0.4-cü, 10.0.5-ci və 10.0.6-cı maddələrində nəzərdə tutulmuş hallarda.

Maddə 13. Artıq ödənilmiş pensiya məbləğinin tutulması

13.1. Pensiya alan şəxsə artıq ödənilmiş pensiyanın məbləği (qəsdən düzgün olmayan məlumat əks etdirən sənəd təqdim etməsi və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin şəxsdən tutulur.

13.2. Artıq ödənilmiş pensiya məbləğinin tutulması məqsədi ilə hər dəfə pensiya ödənilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı verilməli olan pensiyanın 20 faizindən, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən çox ola bilməz.

Maddə 14. Şəxs vəfat etdikdə alınmamış pensiyanın ödənilməsi və dəfn xərcinin verilməsi

14.1. Pensiyaçının vəfatı ilə əlaqədar alınmamış pensiyanın məbləği ailə üzvlərinə ödənilir.

14.2. Pensiyaçı vəfat etdikdə təyin olunmuş pensiyanın 6 aylıq məbləğində dəfn xərci onun ailəsinə ödənilir.

14.3. Pensiyaçını ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn xərci həmin şəxslərə ödənilir.

Maddə 15. Xaricə köçmüş şəxslərə pensiyanın ödənilməsi

Azərbaycan Respublikası vətəndaşının xaricdə olduğu müddətdə pensiyası öz arzusu ilə Azərbaycan Respublikasının müvafiq bankındakı şəxsi hesabına və ya yaşadığı dövlətdəki müvafiq bank hesabına köçürülür. Bu halda xidmət haqqı pensiyanın məbləğindən tutulur.

Maddə 16. Qanunun qüvvəyə minməsi

Bu qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 iyun 2004-cü il
№ 678-IIQ

"Əmək pensiyaları haqqında " Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il

"Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilmişdir. Qanunun son versiyası - 05 yanvar 2006-cı il № 250-IQ

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 21 oktyabr 2005-ci il № 1027-IIQ

"Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi barədə - 3 dekabr 2004-cü il № 794-IIQD

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 3 dekabr 2004-cü il № 790-IIQ

"Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi barədə -18 iyun 2004-cü il № 700-IIQD

"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə - 01.06.2004 № 679-IIQD

Dövlət qulluqçularinin pensiya təminati haqqinda Azərbaycan Respublikasinin
Qanunu - 01.06.2004

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu -13 yanvar 2004-cü il № 589-IIQD

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 28 noyabr 2003-cü il № 517-IIQ

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2003-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 22 noyabr 2002-ci il №381-IIQ

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunu -
27 noyabr 2001-ci il №221-IIQ

"Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikasının qanunu -
24 oktyabr 2000-ci il №937-IQ

"Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının qanunu - 9 dekabr 1997-ci il №406-IQ

"Qrant haqqında" Azərbaycan Respublikasının qanunu 17 aprel 1998-ci il №483-IQ

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunu -18 fevral 1997-ci il №250-IQ

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu -23 sentyabr 1992-ci il №305

Share |