"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu

Bu Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddi təminat hüququna zəmanət verməklə vahid dövlət pensiya sistemini müəyyən edir.

Qanunla Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər dövlətlərin Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı məsələləri tənzimlənir.

Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir.

Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir.

Azərbaycan Respublikasının ərazisində dövlət pensiya təminatı ilə yanaşı, müxtəlif ictimai və şəxsi pensiya təminatı sistemləri də mövcud ola bilər. Bu sistemlərin fəaliyyəti müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

I. Ümumi müddəalar

Maddə 1. Dövlət pensiya təminatı hüququ

Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda dövlət pensiya təminatı hüququna malikdirlər.

Respublika ərazisində daimi yaşayan və pensiya təminatı üçün tələb olunan iş stajının üçdə ikisini Azərbaycan Respublikasının ərazisində toplamış olan digər dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin də pensiya təminatı hüququ vardır. Bu halda keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-dək olan iş müddəti tam nəzərə alınır. Digər hallarda həmin vətəndaşlar bu Qanunda nəzərdə tutulmuş şərtlərlə sosial pensiya almaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı müqavilələrdə başqa şərtlər nəzərdə tutulduqda həmin şərtlər tətbiq olunur.

Maddə 2. Dövlət pensiyalarının növləri

Bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir:

a) əmək(sosial sığorta) pensiyaları:

yaşa (qocalığa) görə,

əlilliyə görə,

ailə başçısını itirməyə görə,

xidmət illərinə görə;

b) sosial pensiyalar.

Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər

Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır:

a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;

b) fərdi əmək və sahibkarlıq fəaliyyəti, o cümlədən fərdi icarə (qrup icarəsi) ilə və ya kəndli (fermer) təsərrüfatında məşğul olanlar - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;

v) yaradıcılıq ittifaqlarının (birliklərinin) üzvləri, habelə yaradıcılıq ittifaqlarının üzvü olmayan digər yaradıcı işçilər- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;

q) dövlət sosial sığortasına düşən digər şəxslər;

ğ) hərbiləşdirilmiş dəstələrin dövlət tərəfindən sosial sığorta edilməyən işçiləri, xüsusi rabitə xidmətinin sıravi və rəis heyətindən olan şəxslər;

d) müddətli xidmət hərbi qulluqçuları və onların ailə üzvləri;

e) ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar;

ə) dövlət vəzifələrini yerinə yetirməklə, insan həyatını xilas etməklə, mülkiyyətin bütün formalarını və hüquq qaydalarını qorumaqla əlaqədar vətəndaşlıq borcunu yerinə yetirərkən əlil olmuş şəxslər;

j) 1 qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər;

z) bu maddədə göstərilmiş şəxslərin və bu şəxslər sırasından olan pensiyaçıların ailə üzvləri - ailə başçısını itirdikdə.

"Qəhrəman ana" fəxri adına layiq görülmüş qadınlar əmək pensiyası almaq hüququna malikdirlər.

Maddə 4. Hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı

Müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı bu Qanuna uyğun olaraq sosial təminat orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyətinin, praporşiklərinin, miçmanlarının və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatı "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin şəxslərə onların arzusu ilə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiya təyin edilə bilər.

Bu halda hərbi qulluqçuların pul təminatının bütün növləri fəhlə və qulluqçuların əmək haqqı ilə bərabər nəzərə alınır.

Maddə 5. Müddətli xidmət hərbi qulluqçuları və onların ailə üzvləri ilə bərabər pensiya almaq hüququna malik olan şəxslər

Müddətli xidmət hərbi qulluqçuları və onların ailə üzvləri üçün bu Qanunla müəyyən edilmiş pensiya təminatı şərtləri, normaları və qaydaları aşağıdakı şəxslərə də aid edilir:

Azərbaycan Respublikası ərazisinin toxunulmazlığını və xalqını müdafiə etmək məqsədilə yaradılmış, Azərbaycan Respublikasının Müdafiə Naziliyində qeydiyyatdan keçmiş könüllü dəstələrin, tağımların, taburların tərkibində olanlar və onların ailə üzvləri;

təlim, xüsusi və ya yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər və onların ailə üzvləri;

dövlət tərəfindən sosial sığorta edilməyən hərbiləşdirilmiş mühafizə dəstələrinin işçiləri, xüsusi rabitə xidmətinin kiçik rəis və sıravi heyətindən olan şəxslər və onların ailə üzvləri.

Maddə 6. Pensiyalara Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə əlavələr

Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı adlarına layiq görülmüş, Şöhrət ordeninin hər üç dərəcəsi ilə, "İstiqlal" ordeni ilə təltif olunmuş vətəndaşların pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində;

Sosialist Əməyi Qəhrəmanlarının, "Əmək Şöhrəti" ordeninin hər üç dərəcəsi ilə təltif olunanların, "Qəhrəman ana"ların, Olimpiya oyunlarının mükafatçılarının, eləcə də iki dəfədən artıq olimpiya növləri üzrə dünya və qitə çempionatlarının qaliblərinin pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 100 faizi məbləğində;

Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə fəxri ada layiq görülmüş vətəndaşların pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

digər ordenlərlə təltif edilmiş vətəndaşların pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 25 faizi məbləğində;

əməyə görə medallarla ("Əmək veteranı" istisna olmaqla) və Azərbaycan Respublikasının fəxri fərmanları ilə təltif olunmuş vətəndaşların pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 10 faizi məbləğində əlavə hesablanır.

Bu maddədə nəzərdə tutulan əlavələrin bir neçəsini almaq hüququna malik olan vətəndaşlara əlavələrdən yalnız biri - ən yüksəyi verilir.

Maddə 7. Sosial pensiya almaq hüququ olan şəxslər

Əmək pensiyası almaq hüququ və əmək qabiliyyəti olmayan vətəndaşların bu Qanunla müəyyən şərtlər əsasında sosial pensiya almaq hüququ vardır.

Maddə 8. Pensiya seçmək hüququ

Eyni zamanda müxtəlif dövlət pensiyaları almaq hüququ olan şəxslərə öz arzuları ilə bir pensiya təyin edilir.

Vətəndaşlar dövlət pensiyası ilə yanaşı sahibkarlardan pensiya, könüllü sığorta üzrə və başqa pensiyalar almaq hüququna da malikdirlər.

Maddə 9. Pensiya təyin olunması üçün müraciət

Dövlət pensiyaları almaq hüququ olan şəxslər pensiya almaq hüququ yarandıqdan sonra heç bir müddət məhdudiyyəti olmadan və fəaliyyət xarakterindən asılı olmayaraq istənilən vaxt pensiya təyin edilməsi üçün müraciət edə bilərlər.

Maddə 10. Pensiyaların ödənilməsi üçün vəsait.

Bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir:

mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları;

işverənlərin və sahibkarların öz işçiləri üçün sosial sığorta ayırmaları;

işləyən vətəndaşların mütləq sığortalanması haqları;

fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin, eləcə də fərdi icarə (qrup icarəsi) ilə məşğul olan və ya kəndli (fermer) təsərrüfatlarında çalışan şəxslərin verdikləri sığorta haqları;

büdcə təxsisatı;

dövlətlərarası müqavilələrə uyğun olaraq xarici dövlətlərin keçirdikləri vəsait;

kommersiya fəaliyyətindən əldə edilən gəlir;

digər vəsait.

Sığorta haqlarının növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

Maddə 11. Zəhmətkeşlərin pensiya təminatı üzərində həmkarlar ittifaqlarının nəzarəti

Zəhmətkeşlərin mənafelərini müdafiə etmək məqsədilə həmkarlar ittifaqları bu Qanunun düzgün tətbiqinə ictimai nəzarət edirlər.

II. Əmək pensiyaları

Yaşa görə pensiyalar

Maddə 12. Yaşa görə pensiya təyin edilməsinin şərtləri

Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:

kişilər - 62(1) yaşına çatdıqda və azı 25 il iş stajı olduqda;

qadınlar - 57(1) yaşına çatdıqda və azı 20 il iş stajı olduqda.

Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər.

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar

Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:

a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:

kişilər - 62(1) yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;

qadınlar - 47(1) yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:

kişilər - 57(1) yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

qadınlar - 52(1) yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

v) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar:

kişilər - 52(1) yaşına çatdıqda və ümumi iş stajı azı 20 il olduqda;

qadınlar - 47(1) yaşına çatdıqda və ümumi iş stajı azı 15 il olduqda.

q) dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən şəxslər:

kişilər - 57(1) yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa;

qadınlar - 52(1) yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa.

Hava hərəkətini idarə edən işçilərin uçuşu idarəetmə stajlarına bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir;

ğ) hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyət - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə:

kişilər - 57(1) yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa;

qadınlar - 52(1) yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa.

Mühəndis-texniki heyət işçilərinin hava gəmilərinə xidmətetmə stajlarına bu maddənin "q" hissəsində və bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir;

d) hava gəmilərində bələdçi işləyən şəxslər:

kişilər - 57(1) yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa;

qadınlar - 52(1) yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa;

e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar-Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə - 52(1) yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda;

ə) traktorçu-maşinist, traktor və ekskavatorlar bazasında qurulmuş tikinti, yol və yükvurma-yükboşaltma maşınlarının maşinisti kimi işləmiş qadınlar - 52(1) yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa;

j) limanlarda yükvurma - yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokçu mexanizatorlar) - 57(1) yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa;

z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində:

bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar:

kişilər - 57(1) yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa;

qadınlar - 52(1) yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa;

sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan operator işləyən qadınlar 52(1) yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda.

Maddə 14. Çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların pensiyaları

Qəhrəman analar aşağıdakı şərtlərlə tam pensiya almaq hüququna malikdirlər:

yaşından asılı olmayaraq azı 10 il iş stajı olduqda;

50 yaşına çatdıqda iş stajından asılı olmayaraq.

Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar aşağıdakı şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər:

9 uşağı olanlar - 45 yaşına çatdıqda və azı 10 il iş stajı olduqda;

8 uşağı olanlar - 46 yaşına çatdıqda və azı 11 il iş stajı olduqda;

7 uşağı olanlar - 47 yaşına çatdıqda və azı 12 il iş stajı olduqda;

6 uşağı olanlar - 48 yaşına çatdıqda və azı 13 il iş stajı olduqda;

5 uşağı olanlar - 49 yaşına çatdıqda və azı 14 il iş stajı olduqda;

4 uşağı olanlar - 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda;

3 uşağı olanlar - 51 yaşınb çatdıqda və azı 16 il iş stajı olduqda.

Bu maddənin şərtləri ilə yaşa görə pensiya təyin olunarkən vəfat etmiş ananın övladlığa götürülməmiş uşaqları təzə ailədə səkkiz yaşına çatanadək faktik tərbiyə edilərsə, ögey ananın doğma uşaqlarına bərabər tutulur.

Uşaqlıqdan əlil olanların həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmiş anaları 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər.

Bu halda uşaqlıqdan əlillərə 16 yaşınadək əlil uşaqlar da aid edilir.

Bu maddə ilə iş stajı uşaqlara qulluq göstərilməsi müddəti də daxil edilməklə müəyyən olunur.

Ana vəfat etdiyinə və ya boşandığına, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 3 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən qəyyum kişilər 55 yaşına çatdıqda və azı 20 il əmək stajı olduqda pensiyaya çıxmaq hüququna malikdirlər.

Maddə 15. Korların, liliputların və cırtdanboyların pensiyaları

Kor vətəndaşlar (1-ci qrup gözdən əlillər), eləcə də hipofiz nanizmi xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər:

kişilər - 47(1) yaşına çatdıqda və azı 15 il iş stajı olduqda;

qadınlar - 42(1) yaşına çatdıqda və azı 10 il iş stajı olduqda.

Maddə 16. Müharibə əlillərinin yaşa görə pensiyaları

Müharibə zamanı və digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanma, kontuziya və xəsarət nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstələnmə nəticəsində əlil olmuş hərbi qulluqçular aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər:

kişilər - 57(1) yaşına çatdıqda və azı 25 il iş stajı olduğda;

qadınlar - 52(1) yaşına çatdıqda və azı 20 il iş stajı olduda.

Maddə 17. Yaşa görə pensiyaların məbləği

Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin "a" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir.

Qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır.

Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır.

Bu Qanunun 13-cü maddəsinin "a" bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır.

Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin "a" bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, "b" bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.

Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu müddəalar şamil edilir.

Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı pensiya hesablanması (yenidən hesablanması) zamanı deputatın mövcud əmək haqqının 80 faizindən az olmayan məbləğdə pensiya alır.

Vaxtından asılı olmayaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırki dövrdə müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.

Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs təqaüdə çıxdıqda, fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.

Pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.

Maddə 18. Yaşa görə pensiyaların minimum məbləği

Yaşa görə pensiya üçün tələb edilən tam ümumi iş stajı olduqda pensiyaların minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının 30 faizi məbləğində təyin edilir.

Maddə 19. Tam iş stajı olmadıqda pensiyaların təyin edilməsi

Pensiya almaq hüququ verən azı 5 il iş stajı olan:

kişilər - 62(1) yaşına çatdıqda;

qadınlar - 57(1) yaşına çatdıqda natamam iş stajı ilə yaşa görə pensiya almaq hüququna malikdirlər.

Üç və daha çox uşağı olan qadınlar, eləcə də uşaqlıqdan əlillərin anaları pensiya almaq hüququ verən azı 5 il iş stajı olduqda bu Qanunun 14-cü maddəsində onlar üçün nəzərdə tutulmuş yaşa çatdıqda natamam iş stajı ilə əmək pensiyası almaq hüququna malikdirlər.

Maddə 20. Tam iş stajı olmadıqda pensiyaların məbləği

Natamam iş stajı ilə pensiyaların məbləği tələb edilən tam iş stajına mütənasib olaraq aşağıdakı qaydada hesablanır: əvvəlcə müvafiq tam pensiya hesablanır, bu pensiya tələb edilən iş stajı aylarının sayına bölünür, alınmış məbləğ faktik iş stajı aylarının sayına vurulur (bu stajda 15 gündən artıq olan dövr tam ay kimi hesablanır, 15 günədək olan dövr isə hesaba alınmır).

Natamam iş stajı ilə pensiyaların məbləği sosial pensiyalardan az ola bilməz.

Maddə 21. Yaşa görə pensiyalara əlavələr

Yaşa görə pensiyalara, o cümlədən minimum məbləğdə pensiyalara və tam iş stajı olmadıqda təyin edilmiş pensiyalara aşağıdakı əlavələr hesablanır:

a) öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara (40, 41, 42, 44-cü maddələr) ailənin əmək qabiliyyəti olmayan hər üzvünə yaşa görə minimum pensiyanın 20 faizi məbləğində;

b) 70 yaşına çatmış tənha pensiyaçılara - onlara qulluq üçün yaşa görə minimum pensiyanın 20 faizi məbləğində;

v) müharibə əlillərinə və iştirakçılarına:

I qrup müharibə əlillərinə - yaşa görə minimum pensiyanın 100 faizi məbləğində;

II qrup müharibə əlillərinə - yaşa görə minimum pensiyanın 70 faizi məbləğində;

III qrup müharibə əlillərinə - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

Döyüşən ordunun tərkibində xidmət etmiş və ya muzdla işləmiş, partizan dəstələrində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara - yaşa görə minimum pensiyanın 30 faizi məbləğində;

q) siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

ğ) I qrup əlillərə - onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

d) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslərə - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

Bu maddənin "a", "b", "v", "q", "ğ", "d" bəndlərində nəzərdə tutulmuş əlavələr eyni vaxtda hesablana bilər.

Maddə 22. Pensiyaların təyin olunması müddəti

Yaşa görə pensiyalar ömürlük təyin edilir.

Maddə 23. İşləyən pensiyaçılara yaşa görə pensiyaların ödənilməsi qaydası

İşləyən pensiyaçılara pensiyalar himayəsində olanlara və qulluğa görə əlavələr nəzərə alınmadan 50 faiz məbləğində ödənilir.

Əlilliyə görə pensiyalar

Maddə 24. Pensiyaların təyin edilməsi halları. Əlillik qrupları

Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir:

a) əmək zədəsi və ya peşə xəstəliyi;

b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə);

v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə.

Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür.

Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.

Maddə 25. Pensiyaların təyin edilməsi şərtləri

Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir.

Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 23 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir.

Əgər müvafiq yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır.

Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir.

Maddə 26. Əmək zədəsi nəticəsində əlillik

Əlillik bu Qanunun 67-ci maddəsində göstərilən işləri yerinə yetirərkən üz verdikdə aşağıdakı hallarda əmək zədəsi nəticəsində baş vermiş hesab edilir:

a) əmək vəzifələri yerinə yetirilərkən (o cümlədən ezamiyyət vaxtı), habelə xüsusi tapşırıq olmadıqda belə, müəssisənin və ya təşkilatın xeyrinə hər hansı iş görülərkən;

b) işə gedərkən və ya işdən qayıdarkən yolda;

v) müəssisənin, təşkilatın ərazisində və ya digər iş yerində iş vaxtı ərzində (müəyyən edilmiş fasilələr də daxil olmaqla), iş başlamazdan və ya iş qurtardıqdan sonra istehsal alətlərinin, pal-paltarın və s. sahmana salınması üçün lazım olan vaxt ərzində;

q) daxili əmək intizamı qaydalarına zidd olmayan hallarda iş vaxtı ərzində (müəyyən edilmiş fasilələr də daxil olmaqla) müəssisənin, təşkilatın və ya digər iş yerinin yaxınlığında olarkən.

Əlillik sağlamlığın pozulmasına səbəb olmuş aşağıdakı işdənkənar səbəblərdən üz verdikdə də əmək zədəsi nəticəsində baş vermiş hesab olunur:

a) istehsalat təlimi, təcrübəsi və ya praktik məşğələlər keçərkən;

b) Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq fəaliyyət göstərən dövlət və ictimai təşkilatların tapşırıqlarını yerinə yetirərkən;

v) insan həyatının xilas edilməsində, mülkiyyətin hər cür formalarının və hüquq qaydalarının qorunmasında vətəndaşlıq borcunu yerinə yetirərkən.

Maddə 27. Peşə xəstəliyi nəticəsində əlillik

Əlillik o zaman peşə xəstəliyi nəticəsində baş vermiş hesab olunur ki, ona səbəb olmuş xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş peşə xəstəliklərinin siyahısına daxil edilsin.

Maddə 28. Müddətli hərbi xidmət zamanı əlillik

Müddətli hərbi və alternativ xidmətdə olan şəxslərin əlilliyi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər.

Müddətli hərbi və ya alternativ xidmətdə olan şəxslərin əlilliyi hərbi və alternativ xidmət vəzifələrini yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində zədələnmə, yaxud cəbhədə olmaqla bağlı olmayan xəstəlik nəticəsində üz verərsə, onlar hərbi xidmət dövründə xəstələnmək nəticəsində əlil hesab edilirlər.

Müddətli və ya alternativ xidmət hərbi qulluqçularına və onlarla bərabər tutulmuş şəxslərə əlilliyə görə pensiya əlillik xidmət müddətində və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra lakin xidmət müddətində yaralanma, kontuziya, zədə və ya xəstələnmə nəticəsində üz vermişsə təyin olunur.

Maddə 29. Əlilliyə görə pensiyaların məbləği (müharibə əlillərindən başqa)

Əlilliyə görə pensiyalar aşağıdakı qaydada hesablanır:

I qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 70 faizi məbləğində;

II qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 50 faizi məbləğində;

III qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 30 faizi məbləğində.

Qaçqın və məcburi köçkünlərin əlilliyə görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır.

I və II qrup əlillərin yaşa görə, o cümlədən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olduqda əlilliyə görə pensiya müvafiq iş stajına uyğun olaraq yaşa görə pensiyanın məbləğində təyin edilir.

Maddə 30. Əlilliyə görə pensiyaların minimum məbləği (müharibə əlillərindən başqa)

I qrup əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə minimum pensiyanın 150 faizi məbləğində müəyyən edilir.

II qrup əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizi məbləğində müəyyən edilir.

III qrup əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə minimum pensiyanın 70 faizi məbləğində müəyyən edilir.

Maddə 31. Tam iş stajı olmadıqda pensiyaların məbləği

Ümumi xəstəlik nəticəsində I və II qrup əlillərə tam iş stajı olmadıqda pensiyalar bu Qanunun 20-ci maddəsində müəyyən edilmiş qaydada hesablanır.

Tam iş stajı olmadıqda pensiyaların məbləği müvafiq əlillik qrupu üçün müəyyən edilmiş sosial pensiyalardan az ola bilməz.

Maddə 32. Müharibə əlillərinin pensiyalarının məbləği

Müharibə əlillərinin pensiyaları aşağıdakı qaydada hesablanır:

I qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 80 faizi məbləğində;

II qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi məbləğində;

III qrup əlillərə - pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 40 faizi məbləğində.

Azərbaycan Respublikasını müdafiə edərkən, o cümlədən Azərbaycan Respublikasının azadlığını, suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü qoruyarkən əlil olmuş şəxslərin pensiyaları onların arzularına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının bir mislindən də hesablana bilər.

Maddə 33. Müharibə əlillərinin pensiyalarının minimum məbləği

I qrup müharibə əlillərinin pensiyalarının minimum məbləği yaşa görə minimum pensiyanın 200 faizi məbləğində;

II qrup müharibə əlillərinin pensiyalarının minimum məbləği yaşa görə minimum pensiyanın 150 faizi məbləğində;

III qrup müharibə əlillərinin pensiyalarının minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizi məbləğində müəyyən edilir.

Maddə 34. Əlilliyə görə pensiyalara əlavələr

Əlilliyə görə pensiyalara, o cümlədən minimum məbləğdə hesablanmış pensiyalara, eləcə də natamam stajla pensiyalara aşağıdakı əlavələr müəyyən edilir:

öhdəsində əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən I və II qrup əlillərə, ailənin əmək qabiliyyəti olmayan hər ailə üzvünə görə (40, 41, 42, 44-cü maddələr) - yaşa görə minimum pensiyanın 20 faizi məbləğində;

I qrup əlillərə qulluq üçün - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

müharibə iştirakçıları sırasından olan bütün qrup əlillərə (o cümlədən müharibə əlillərinə) - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

Maddə 35. Əlilliyə görə pensiyaların təyin edilməsi müddəti

Pensiyalar həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik dövrü üçün, 62(1) yaşından yuxarı əlil kişilərə və 57(1) yaşından yuxarı əlil qadınlara isə ömürlük təyin edilir və onlar yalnız öz ərizələrinə əsasən yenidən müayinədən keçirilir.

Maddə 36. Əlillik qrupu dəyişdikdə və ya əmək qabiliyyəti bərpa olunduqda pensiyaların verilməsi müddəti

Əlillik qrupu dəyişdikdə yeni məbləğdə pensiya əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1-dən verilir.

Təkrar müayinədən keçirilən pensiyaçı əmək qabiliyyətli hesab edildiyi halda, ona pensiya əmək qabiliyyətli hesab edildiyi ayın sonunadək verilir.

Maddə 37. Təkrar müayinə vaxtı ötürüldükdə pensiyaların verilməsinin dayandırılması və bərpa edilməsi

Əlil təkrar müayinə üçün təyin edilmiş vaxtda həkim-əmək ekspert komissiyasına gəlmədikdə, ona pensiya verilməsi dayandırılır. O yenidən əlil hesab edilərsə, pensiyanın verilməsi yenidən əlil hesab edildiyi gündən bərpa edilir. Təkrar müayinə vaxtı sənədlərlə təsdiq edilən üzürlü səbəbdən ötürüldükdə və həkim-əmək ekspert komissiyası həmin dövrdə onun əlil olduğunu təsdiq etdikdə, pensiyalar buraxılmış bütün dövr üçün ödənilir. Təkrar müayinə zamanı əlil başqa əlillik qrupuna keçirildikdə, göstərilən müddət üçün pensiya əvvəlki qrup üzrə ödənilir.

Maddə 38. Əvvəllər təyin edilmiş pensiyaların bərpa olunması və yenidən təyin edilməsi

Ümumi xəstəlik nəticəsində əlilliyə görə əvvəllər təyin edilmiş pensiya bu şərtlə bərpa olunur ki, müəyyən edilən əlillik müddəti qurtardığına görə pensiya ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçməsin. Əlilliyə görə əvvəllər təyin edilmiş pensiyanın başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.

Fasilədən sonra yenidən əlillik üz verərsə, əlilliyə görə pensiya (pensiyaçının istəyi ilə) ümumi əsaslarla təyin edilə bilər.

Maddə 39. İşləyən pensiyaçılara əlilliyə görə pensiyaların ödənilməsi

İşləyən pensiyaçılara əlilliyə görə pensiyalar, himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan tam məbləğdə ödənilir.

Ailə başçısını itirməyə görə pensiyalar

Maddə 40. Pensiya almaq hüququ olan ailə üzvləri

Vəfat etmiş ailə başçısının öhdəsində olmuş (44-cü maddə) əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər:

müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları;

vəfat etmiş vətəndaşların uşaqları, eləcə də bu maddənin "v" bəndində göstərilən şəxslərdən biri.

Əmək qabiliyyəti olmayan ailə üzvləri aşağıdakılar hesab edilirlər:

a) 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar, nəvələr;

Qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər;
Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, ailə başçısını itirməyə görə pensiya hüququna təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək malikdirlər;

b) ata, ana, arvad pensiya yaşına çatıblarsa (kişilər 62(1) yaşına, qadınlar 57(1) yaşına çatıbsa), yaxud əlildirlərsə;

v) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;

q) baba və nənə, qanunla onları saxlamalı şəxslər yoxdursa.

Vəfat edənin öhdəsində olmamış valideynlər sonralar gəlir mənbəyini itirdikdə, övladının ölümü ilə əlaqədar pensiya almaq hüququna malikdirlər.

Maddə 41. Ögey atanın, ögey ananın, ögey oğulun və ögey qızın pensiya almaq hüququ

Ögey ata və ögey ana vəfat etmiş ögey oğulu və ya ögey qızı azı beş il tərbiyə etmiş və ya saxlamışsa, doğma valideynlərlə bir səviyyədə pensiya almaq hüququna malikdirlər.

Ögey oğul və ögey qız doğma övladlarla bir səviyyədə pensiya almaq hüququna malikdirlər.

Maddə 42. Övladlığa götürənlərin və götürülənlərin pensiya almaq hüququ

Övladlığa götürənlər valideynlərlə bir səviyyədə, övladlığa götürülənlər isə doğma uşaqlarla bir səviyyədə pensiya almaq hüququna malikdirlər.

Ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar (40-cı maddənin "a" bəndi) övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

Maddə 43. Yeni nikah bağlandıqda pensiyanın dayandırılması

Ərin ölümü ilə əlaqədar təyin edilmiş pensiya, pensiyaçı yeni nikah bağlayanda dayandırılır.

Maddə 44. Öhdədə hesab edilən ailə üzvləri

Vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar.

Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya alan ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər.

Maddə 45. İtkin düşmüş vətəndaşların ailələri

Vətəndaşın itkin düşməsi müəyyən edilmiş qaydada təsdiq olunmuşsa, bu Qanunun vəfat edənlərin ailələrinə aid olan bütün maddələri itkin düşənlərin ailələrinə də şamil edilir.

Maddə 46. Ailə başçısını itirməyə görə ümumi əsaslarla pensiya təminatının şərtləri

Ailə başçısı əmək zədəsi, peşə xəstəliyi, bədbəxt hadisə və ya ümumi xəstəlik nəticəsində vəfat etmişsə, onun ailə üzvlərinə pensiya ailə başçısının vəfat etdiyi vaxtdan asılı olmayaraq ümumi əsaslarla təyin edilir.

Əmək zədəsi və peşə xəstəliyi nəticəsində vəfat etmiş ailə başçısının ailə üzvlərinə pensiya ailə başçısının iş stajından asılı olmayaraq təyin edilir.

Ümumi xəstəlik nəticəsində vəfat etmiş ailə başçısının itirilməsi ilə əlaqədar pensiyalar o halda təyin edilir ki, ölüm gününədək ailə başçısının əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olsun (25-ci maddə).

Maddə 47. Ailə başçısını itirməyə görə ümumi əsaslarla pensiyaların məbləği

Pensiyalar ailənin əmək qabiliyyəti olmayan (40-cı maddə) hər bir üzvü üçün ailə başçısının orta aylıq əmək haqqının 30 faizi məbləğində hesablanır.

Hər iki valideyni itirmiş uşaqlara pensiya hər iki valideynin orta aylıq əmək haqqının ümumi məbləğinin 60 faizi məbləğində hesablanır.

Maddə 48. Tam iş stajı olmadıqda pensiyaların məbləği

Ümumi xəstəlik nəticəsində vəfat etmiş və əlilliyə görə tam pensiya təyin edilməsi üçün (25-ci maddə) tələb edilən iş stajı olmayan şəxslərin ailə üzvlərinə pensiya ailə başçısının faktik iş stajına mütənasib məbləğdə təyin edilir. Lakin hər ailə üzvünün payına düşən pensiyanın məbləği müvafiq kateqoriya üzrə vətəndaşlar üçün müəyyən edilmiş sosial pensiyanın məbləğindən az ola bilməz.

Maddə 49. Ailə başçısını itirməyə görə ümumi əsaslarla təyin edilmiş pensiyaların minimum məbləği

Ailə başçısını itirməyə görə ümumi əsaslarla təyin edilmiş pensiyaların minimum məbləği ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə minimum pensiyanın 80 faizi məbləğində müəyyən edilir.

hər iki valideynini itirmiş uşağın, vəfat etmiş tənha ananın uşağının pensiyasının minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizi məbləğində müəyyən edilir.

Maddə 50. Müddətli xidmət hərbi qulluqçularının ailə üzvləri üçün pensiyaların təyin olunma şərtləri

Müddətli xidmət (alternativ xidmət) hərbi qulluqçularının ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiyalar ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra, lakin xidmət etdiyi dövrdə aldığı yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində vəfat edibsə təyin edilir. Həm də hərbi əməliyyatlar zamanı itkin düşmüş müddətli xidmət hərbi qulluqçularının ailələri cəbhədə həlak olanların ailələrinə bərabər tutulur.

Müddətli xidmət hərbi qulluqçularının ailə üzvləri üçün müəyyən edilmiş əsaslar bu Qanunun 5-ci maddəsi ilə hərbi qulluqçulara bərabər tutulmuş şəxslərə o halda aid edilir ki, ailə başçısı yuxarıda göstərilmiş səbəblər nəticəsində vəfat etmiş olsun.

Hərbi qulluqçular sırasından olan əlil pensiyaçı vəfat etdikdə onun ailəsinə pensiya, əlilliyin səbəbindən asılı olaraq bu Qanunun 51-ci maddəsinin müvafiq hissəsində müəyyən edilmiş qaydada təyin edilir.

Ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsi kəsildikdən sonra 5 il ərzində vəfat etmişsə, onun ailəsinə pensiya vəfat etmiş pensiyaçının ailəsi kimi təyin edilir.

Maddə 51. Müddətli xidmət hərbi qulluqçularının ailə üzvlərinə pensiyaların təyin olunması

Müddətli xidmət hərbi qulluqçularının ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir:

Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində həlak olmuş, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş müddətli xidmət hərbi qulluqçularının iş stajından və hərbi xidmət müddətindən asılı olmayaraq hər bir ailə üzvünə pensiya ailə başçısının orta aylıq əmək haqqının 60 faizi hesablanır və yaşa görə minimum pensiyanın 100 faizindən az olmamalıdır.

Hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparan ölkədə hərbi xidmət borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş müddətli xidmət hərbi qulluqçularının iş stajından və hərbi xidmət müddətindən asılı olmayaraq hər bir ailə üzvünə pensiya ailə başçısının orta aylıq əmək haqqının 30 faizi hesablanır və yaşa görə minimum pensiyanın 80 faizindən az olmamalıdır.

Maddə 52. Vəfat etmiş pensiyaçıların ailələri üçün pensiyalar

Vəfat etmiş pensiyaçının ailə üzvlərinə pensiya vəfat edənin ümumi iş stajından asılı olmayaraq ümumi əsaslarla təyin edilir.

Maddə 53. Pensiya təyin edildiyi müddət

Pensiya ailə üzvünün əmək qabiliyyətli olmadığı bütün müddət üçün, 62(1) yaşına çatmış kişilərə, 57(1) yaşına çatmış qadınlara isə ömürlük təyin edilir.

Maddə 54. Pensiya məbləğinin dəyişilməsi və onun ödənilməsinin dayandırılması

Ailə başçısını itirməyə görə pensiya təyin edilmiş ailənin tərkibində ayrı-ayrı ailə üzvlərinin və ya bütövlükdə ailənin pensiya almaq hüququnu itirməsinə səbəb olan dəyişiklik baş verərsə, dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən pensiya yenidən hesablanır və ya onun ödənməsi dayandırılır.

Maddə 55. Tam dövlət təminatında olan uşaqlara pensiya verilməsi

Hər iki valideynini itirmiş uşaqlar, eləcə də vəfat etmiş tənha ananın uşaqları tam dövlət təminatında olduqları müddət ərzində onlara pensiyalar tam məbləğdə, digər uşaqlara isə pensiyalar 50 faiz məbləğində verilir.

Maddə 56. Pensiya payının ayrılması

Ailənin hər bir üzvünün tələbi ilə onun pensiya payı ayrılır və ona ayrıca ödənilir. Hər iki valideynini itirmiş uşaqlara və ya tək ananın uşaqlarına pensiya payı bu Qanunun 47-ci maddəsində göstərilən məbləğdə ayrılır.

Həmin pay pensiyadan pay ayrılması haqqında ərizənin verildiyi aydan sonrakı ayın 1-dən ayrılır.

Maddə 57. İşləyən pensiyaçılara ailə başçısını itirməyə görə pensiyaların ödənilməsi

İşləyən pensiyaçılara ailə başçısını itirməyə görə pensiya tam məbləğdə ödənilir.

Xidmət illərinə görə pensiyalar

Maddə 58. Xidmət illərinə görə pensiya təminatının əsasları

Xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59-64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir.

Maddə 59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri

Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Uçuş və uçuş-sınaq heyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Maddə 60. Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir.

Maddə 61. Müalicə işlərinə və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlərə görə pensiya hüququnun müəyyən edilməsi şərtləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə kənd yerlərində və şəhər tipli qəsəbələrdə (respublika tabeli şəhərlərin qəsəbələri istisna olmaqla) kişilər azı 25 il, qadınlar azı 20 il müalicə işlərində və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlərdə çalışdıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar.

Maddə 62. Teatr, kino və digər teatr-tamaşa müəssisələrində və kollektivlərində yaradıcılıq fəaliyyəti ilə əlaqədar pensiya hüququnun müəyyən edilməsi şərtləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə teatr, kino və digər teatr-tamaşa müəssisələri və kollektivləri artistlərinin ayrı-ayrı kateqoriyaları müvafiq olaraq 20, 25, və 30 il yaradıcılıq fəaliyyəti stajı topladıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar.

Teatr, kino və digər teatr-tamaşa müəssisələri və kollektivləri artistlərinin ixtisas üzrə hərbi qulluq müddəti onların yaradıcılıq fəaliyyəti stajına daxil edilir.

Maddə 63. Dəniz və balıqçılıq sənayesi donanması gəmiləri heyətinin ayrı-ayrı vəzifələrində çalışan işçilərin pensiya hüququnun müəyyən edilməsi şərtləri

Dəniz və balıqçılıq sənayesi donanması gəmiləri heyətinin ayrı-ayrı peşə və vəzifələrində çalışan işçiləri - Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə kişilər - iş stajının azı 25 ilini, qadınlar azı 20 ilini bu gəmilərdə həmin peşələr və vəzifələr üzrə çalışdıqda xidmət illərinö görə pensiya almaq hüququ qazanırlar.

Maddə 63-1. Prokurorluq işçilərinin pensiya hüququnun müəyyən edilməsi şərtləri

Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Maddə 64. Yeraltı işlərdə və açıq mədən işlərində çalışan işçilərin pensiya hüququnun müəyyən edilməsi şərtləri

Şaxtaların, tunellərin, mədənlərin tikintisində, faydalı qazıntıların çıxarılmasında bilavasitə yeraltı və açıq mədən işlərində (mədən-xilasetmə hissələrinin şəxsi heyəti də daxil olmaqla) tam iş günü ərzində çalışan işçilər bu işlərdə azı 25 il çalışdıqda, həmin işlərdə aparıcı peşələrin sahibi olanlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə - bu işlərdə azı 20 il çalışdıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar.

Maddə 65. Xidmət illərinə görə pensiyaların məbləği

Xidmət illərinə görə pensiyaların əsas məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanır.

Qaçqın və məcburi köçkünlərin xidmət illərinə görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır.

Xidmət illərinə görə pensiyaların əsas məbləği yaşa görə minimum pensiyanın 100 faizindən az olmamalıdır.

Xidmət illərinə görə pensiyaların maksimum məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 80 faizindən artıq olmamalıdır.

Xidmət illərinə görə pensiyaların əsas məbləği xidmət illərinə görə tələb edilən xüsusi stajdan artıq hər tam il üçün minimum pensiyanın 1 faizdən az olmamaq şərtilə orta aylıq əmək haqqının 1 faizi qədər artırılır.

Səhhətinə görə uçuş işindən azad olmuş uçuş və uçuş-sınaq heyətindən olan şəxslərə xidmət illərinə görə pensiyalar təyin edilərkən kişilərin 25 il, qadınların 20 il tələb olunan xüsusi iş stajının çatışmayan hər ili üçün pensiyanın əsas məbləği iki faiz azaldılır.

Maddə 66. İşləyən pensiyaçılara xidmət illərinə görə pensiyaların ödənilməsi

Bu Qanunun 59-cu, 63-cü və 64-cü maddələrində göstərilən işlərdə işləyən pensiyaçılar pensiya almaq hüququ verən işlərdən başqa işə keçdikdə onlara xidmət illərinə görə pensiya 50 faiz məbləğində ödənilir.

Bu Qanunun 60- 62-ci maddələrində göstərilən pensiyaçılara pensiyalar əmək fəaliyyətini dayandırdıqdan sonra ödənilir.

III. Əmək pensiyaları təyin edildikdə iş stajının hesablanması

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:

a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;

b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;

v) hərbi (alternativ) xidmət və müvafiq icra hakimiyyəti orqanında, qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, ədliyyə, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;

q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti;

ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;

d) 1 qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti;
e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;

ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;

j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti;

z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən 1 və 11 qrup əlillərin pensiyada olduqları müddət;

i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;

ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti;

k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt;

g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət.

İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin "a" - "z" və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır.

Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir.
Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin "a" bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir.

İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır.

Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

Maddə 68. İş stajının hesablanmasında güzəştlər

Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir:

döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə;

bəraət verilmiş vətəndaşların həbsdə olmaq vaxtı, azadlıqdan məhrum olunmaq və ya sürgün yerlərində olmaq vaxtı - üçqat ölçüdə;

müharibə illərində arxa cəbhədə iş müddəti - ikiqat ölçüdə;

cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə;

bilavasitə islah-əmək müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrumetmə yerlərinin müalicə idarələrində keçən qulluq (iş) müddətinin hər üç iş günü - dörd iş günü kimi; yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü - üç iş günü kimi; həmin müəssisə, idarə və təşkilatlarda bilavasitə qulluq edənlərin ali və orta təhsil müəssisələrinin əyani şöbələrində aldıqları təhsilin müddətinin hər iki ayı bir ay qulluq müddəti kimi hesablanır;

tam naviqasiya dövrü ərzində su nəqliyyatında iş müddəti - bir illik staj sayılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarında tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır.

Əməliyyat-axtarış fəaliyyəti subyketləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti birin üçə nisbəti ilə hesablanır və onların iş stajına daxil edilir.

Digər mövsümi işlər iş stajına faktik davamiyyət həcmində daxil edilir.

Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Maddə 70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri

Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.

IV. Pensiyaların hesablanması

Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması

Pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır.

Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır:

işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar;

növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar;

əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti;

uşağa qulluq üçün məzuniyyətdə olma müddəti;

1 qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti;

ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti;

müddətli hərbi və ya alternativ xidmət müddəti;

əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti;

işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti.

Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır.

Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi

Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir.

Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir.

İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur.

Maddə 73. Pensiyalar hesablanarkən nəzərə alınan əmək haqqı növləri

Mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır.

Müraciət edənin arzusuna əsasən pensiyanın hesablanması üçün gəlirə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, yaxud işçinin saxlanan orta aylıq əmək haqqı, eləcə də təhsil müddətində alınmış təqaüd daxil edilir.

Verildiyi dövrdə qüvvədə olan dövlət tarif dərəcələri üzrə hesablanmış müəlliflik haqqı əmək haqqına bərabər tutulur.

Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında və ya kəndli (fermer) təsərrüfatında məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiya sığorta haqqı keçirilən faktik gəlirdən hesablanır.

Əmək haqqı pul ödənci ilə yanaşı natura ilə ödənildikdə, pensiya təyin olunması üçün orta aylıq əmək haqqı müəyyən edilərkən əmək haqqının sığorta haqqı hesablanmış natura ilə ödənilən hissəsinin dəyəri əmək haqqının ödənildiyi dövrün dövlət pərakəndə qiymətləri ilə hesablanaraq nəzərə alınır.

Maddə 74. Xaricdə işləyən şəxslərin orta aylıq əmək haqqının müəyyən edilməsi

Xaricdə işləyən şəxsin orta aylıq əmək haqqı onun arzusu ilə ya xaricə gedənədək aldığı əmək haqqından, ya da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqqı keçirdiyi xarici valyutadan hesablanır.

Xarici valyuta ilə alınmış əmək haqqı həmin valyutanın ödənildiyi vaxt qüvvədə olan məzənnəyə əsasən (həmin məzənnəni Azərbaycan Respublikası Milli Bankı müəyyən edir) Azərbaycan Respublikasının rəsmi pul vahidinə çevirməklə müəyyənləşdirilir.

Maddə 75. Vəfat etmiş pensiyaçıların ailə üzvlərinə pensiyaların hesablanması

Vəfat etmiş pensiyaçıların ailə üzvlərinə pensiyalar (pensiya üçün müraciət edənin arzusuna əsasən) ailə başçısının pensiyasının hesablanması üçün əsas götürülən gəlirdən və ya Qanunun bu bölməsinə uyğun olaraq müəyyən edilmiş orta aylıq əmək haqqından hesablanır.

Maddə 76. Bir pensiyadan başqa pensiyaya keçərkən pensiyaların hesablanması

Bir pensiyadan başqa pensiyaya keçərkən gəlir Qanunun bu bölməsində göstərilmiş ümumi əsaslarla müəyyən edilir. Yeni pensiya pensiyaçının arzusu ilə əvvəl təyin olunmuş pensiya üçün götürülən əmək haqqından hesablana bilər.

Maddə 77. Pensiyalara əlavə hüququ olan ailə üzvləri

Öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılar üçün təyin edilmiş pensiyalara əlavələr bu Qanunun 40, 41, 42 və 44-cü maddələrində göstərilmiş ailə üzvlərinə hesablanır. Eyni zamanda əmək pensiyası və ya sosial pensiya və yaşa, yaxud əlilliyə görə pensiyaya əlavə almaq hüququ olduqda müraciət edənin arzusu ilə ya pensiya, ya da əlavə təyin edilir.

Ailədə iki və ya daha çox işləməyən pensiyaçı olduqda onların ümumi himayəsindəki hər bir əmək qabiliyyəti olmayan ailə üzvü pensiyaçıların ancaq birinin pensiyasına əlavə hesablanması üçün nəzərə alınır.

Maddə 78. Pensiya hesablanarkən orta aylıq əmək haqqının məhdudlaşdırılması

Pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır.

Maddə 79. Pensiyaların məbləğlərinə əmsalların tətbiq edilməsi

Fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə, o cümlədən Azərbaycan Respublikasının yüksək dağlıq yerlərində yaşayan pensiyaçılara həmin yerlərdə yaşadıqları dövrdə bu Qanuna uyğun olaraq təyin edilən pensiyalar (o cümlədən minimum məbləğdə) həmin yerlərdə tətbiq olunan əmsallar nəzərə alınmaqla hesablanır. Bu maddə pensiyalar təyin edilərkən əsas götürülmüş gəlirə həmin əmsallar daxil edilmədikdə tətbiq olunur.

V. Vətəndaşların bəzi kateqoriyaları üçün pensiyalar

Maddə 80. Pensiya almaq hüququ olan şəxslər

İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri.

İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar:

Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər;

köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar);

köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları;

həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər;

1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər;

Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri.

Maddə 81. Əlilliyə görə pensiyalar

Bu qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir.

Əlilliyə görə hesablanmış pensiyaların minimum məbləği aşağıdakı kimi müəyyən edilir:

I qrup əlillərə - yaşa görə minimum pensiyanın 200 faizi məbləğində;

II qrup əlillərə - yaşa görə minimum pensiyanın 150 faizi məbləğində;

III qrup əlillərə - yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.

Əlilliyə görə pensiyalara, o cümlədən minimum məbləğdə hesablanmış pensiyalara aşağıdakı əlavələr müəyyən edilir:

işləməyən I və II qrup əlillərə öhdəsində olan hər bir əmək qabiliyyəti olmayan ailə üzvü üçün (40-42, 44-cü maddələr) - yaşa görə minimum pensiyanın 20 faizi məbləğində;

I qrup əlillərə - onlara qulluq üçün - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

Maddə 82. Ailə başçısını itirməyə görə pensiyalar

Bu Qanunun 80-ci maddəsində göstərilən şəxslər sırasından vəfat etmiş şəxslərin öhdəsində olan əmək qabiliyyəti olmayan (40 - 42, 44-cü maddələr) ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya bu Qanunun 83-cü maddəsində nəzərdə tutulan əmək haqqını nəzərə almaqla, vəfat edənin orta aylıq əmək haqqı məbləğini pensiya almaq hüququna malik olan ailə üzvlərinin sayına bölmək yolu ilə təyin edilir. Bu halda ailənin ayrılıqda hər bir üzvü üçün pensiyanın məbləği bu Qanunun 47, 83-cü maddələri tətbiq edilməklə hesablanmış pensiya məbləğindən az ola bilməz.

Vəfat edənin uşaqlarına və əmək qabiliyyəti olmayan valideynlərinə pensiyalar onların ailə başçısının öhdəsində olub-olmadıqlarından asılı olmayaraq təyin edilir.

Ailə başçısını itirməyə görə pensiyanın minimum məbləği yaşa görə minimum pensiyanın 100 faizi məbləğində müəyyən edilir.

Vəfat edənin uşaqlarının ailə başçısını itirməyə görə pensiyalarının üzərinə, valideynlərinin, növündən asılı olmayaraq aldıqları pensiyaların üzərinə hər ay yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə hesablanır.

Maddə 83. Pensiya hesablanarkən nəzərə alınan əmək haqqı

Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır.

Bu qanunun 80-ci maddəsində göstərilmiş şəxslərin arzusu ilə onların pensiyası müraciətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş respublika üzrə orta aylıq əmək haqqının bir mislindən hesablana bilər.

Maddə 84. Pensiyaların məbləğinə yenidən baxılması

Pensiyaların məbləğinə, o cümlədən minimum pensiyaların məbləğinə şərti maliyyə vahidinin məbləği və dolanacaq xərclərinin indeksi dəyişdikcə, yaxud səhhətə dəyən zərərin ödənilməsi barədə Qaydalarda göstərilən digər hallarda yenidən baxılır.

Maddə 85. Pensiyaların təyin edilməsi və ödənilməsi qaydası

Bu bölmədə göstərilən pensiyalar təyin edilərkən və ödənilərkən Qanunun 95-111-ci maddələri tətbiq olunur.

VI. Pensiyaların yenidən hesablanması

Maddə 86.- Çıxarılıb

Maddə 87. Ümumi iş stajının artmasına görə natamam stajla pensiyaların yenidən hesablanması

Natamam stajla pensiyaların məbləği müəyyən edilərkən nəzərə alınmış ümumi iş stajı pensiyaçının işləməsi ilə əlaqədar 2 il və daha çox artarsa, pensiya yenidən hesablanır. Natamam stajla pensiyanın hər növbəti hesablanması pensiyaçı əvvəlki hesablamadan sonra azı 2 il işlədikdə aparıla bilər.

Pensiyaçı işi davam etdirərək tam pensiya təyin edilməsi üçün kifayət qədər staj topladıqda pensiya təyin edildikdən sonra keçmiş müddətdən asılı olmayaraq onun ərizəsi üzrə pensiya yenidən hesablanır.

Maddə 88. Ailə vəziyyətində dəyişikliklə, işə qəbul olunmaqla və ya işi dayandırmaqla əlaqədar pensiyanın yenidən hesablanması

Pensiya təyin edildikdən sonra ailə vəziyyətində dəyişikliklə, işə qəbul olunmaqla və ya işi dayandırmaqla əlaqədar pensiyaçı ailənin əmək qabiliyyəti olmayan üzvləri üçün əlavə almaq hüququ əldə etdikdə və ya itirdikdə, yaxud bu əlavənin məbləği dəyişdirilməli olduqda pensiya yenidən hesablanır.

Maddə 89. Pensiyaların məbləğinin gəlirin yüksəlməsi ilə əlaqədar artırılması

Pensiyaların məbləği respublikada orta aylıq əmək haqqının yüksəlməsi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır.

Qaçqın və məcburi köçkünlərin orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda onların pensiyaları işləmiş olduqları xalq təsərrüfatının sahələri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş hər ilin yekununa görə müəyyən edilən orta aylıq əmək haqqından yenidən hesablanır.

VII. Sosial pensiyalar

Maddə 90. Sosial pensiya almaq hüququ olan vətəndaşlar

Sosial pensiyalar aşağıdakı əmək qabiliyyəti olmayan işləməyən vətəndaşlara onların əmək pensiyası almaq hüququ olmadıqda təyin edilir və ödənilir:

ümumi xəstəlik nəticəsində I, II və III qrup əlillərə;

67(1) yaşına çatmış kişilərə, 62(1) yaşına çatmış qadınlara;

57(1) yaşına çatmış, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş analara;

uşaqlıqdan əlil olanların 57(1) yaşına çatmış analarına, onlar həmin uşaqları 8 yaşınadək tərbiyə etmişlərsə;

ailə başçısını itirmiş uşaqlara (40-cı maddənin bəndi);

vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə qulluq edən və işləməyən valideynlərdən birinə və ya ərə (arvada), yaxud babaya, nənəyə, qardaşa, bacıya yaşından və əmək qabiliyyətindən asılı olmayaraq.

Sosial pensiya əmək pensiyası almaq hüququ olmayan I, II və III qrup uşaqlıqdan əlillərə və eləcə də 16 yaşına çatmamış əlil uşaqlara da təyin olunur.

Maddə 91. Sosial pensiyaların məbləği

Sosial pensiyalar aşağıdakı məbləğdə təyin edilir:

a) I qrup əlillərə, II qrup uşaqlıqdan əlillərə, eləcə də 16 yaşına çatmamış əlil uşaqlara - yaşa görə minimum pensiyanın 100 faizi məbləğində;

b) II qrup əlillərə (uşaqlıqdan əlillərdən başqa), ailə başçısını itirmiş uşaqlara, habelə 90-cı maddənin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş şəxslərə - yaşa görə minimum pensiyanın 80 faizi məbləğində;

c) III qrup əlillərə - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

Maddə 92. Sosial pensiyalara əlavələr

16 yaşına çatmamış əlil uşaqlara və I qrup uşaqlıqdan və ümumi səbəbdən əlillərə qulluq üçün onlara təyin olunmuş sosial pensiyanın 50 faizi məbləğində əlavə verilir.

Maddə 93. Sosial pensiyaları və ya əmək pensiyalarına əlavəni seçmək hüququ

Eyni zamanda sosial pensiya və ya əmək qabiliyyəti olmayan ailə üzvləri üçün əmək pensiyasına əlavə almaq hüququ olduqda müraciət edənin arzusu ilə sosial pensiya təyin edilir və ya əmək pensiyasına əlavə verilir.

Maddə 94. Sosial pensiyanın təyin edilməsi və ödənilməsi qaydası

Sosial pensiyalar təyin edilərkən və ödənilərkən müvafiq olaraq bu Qanunun 95-101, 103-114-cü maddələri tətbiq edilir.

VIII. Pensiyaların təyin edilməsi

Maddə 95. Pensiyaların təyin edilməsi üçün müraciət

İşləyən vətəndaşlara və onların ailə üzvlərinə (ailə başçısı itirildikdə) pensiya təyin edilməsi haqqında ərizə axırıncı iş yerinin müdiriyyətinə (idarə heyətinə) verilir.

Müdiriyyət (idarə heyəti) həmkarlar ittifaqı komitəsi ilə birlikdə ərizənin alındığı vaxtdan etibarən 10 gün müddətində iş stajı və gəlir haqqında lazımi sənədləri hazırlayır və rəsmiləşdirir, verilmiş ərizə və öz təqdimatı ilə birlikdə onları ərizəçinin yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat şöbəsinə göndərir.

Pensiya üçün müraciət etmiş şəxs onu pensiya təyin olunmasına təqdim etməkdən imtina edilməsi haqqında müdiriyyətin (idarə heyətinin) və həmkarlar ittifaqı komitəsinin qərarı ilə razılaşmadıqda bilavasitə rayon (şəhər) sosial təminat şöbəsinə pensiya təyin edilməsi haqqında ərizə verə bilər.

Digər şəxslərə və onların ailə üzvlərinə pensiya təyin edilməsi haqqında ərizə bilavasitə ərizəçinin yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat şöbəsinə verilir.

Sosial təminat şöbələri pensiyaların təyin edilməsi məsələləri barəsində izahat və arayış verməyə, habelə lazımi sənədlərin alınmasında ərizəçiyə köməklik göstərməyə borcludurlar.

Sosial təminat şöbələrinin müəssisələrdən, təşkilatlardan və ayrı-ayrı şəxslərdən müvafiq sənədlər tələb etmək, habelə zəruri hallarda onların verilməsinin əsaslılığını yoxlamaq hüququ vardır.

Maddə 96. Pensiya təyin edən orqanlar

Pensiyalar ərizəçinin daimi yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat orqanları tərəfindən təyin edilir.

Pensiya təyin edən orqanların qərarından rayon (şəhər) icra hakimiyyətinə və ya xalq məhkəməsinə şikayət edilə bilər.

Maddə 97. Sənədlərə baxılması müddətləri

Pensiyaların təyin edilməsi haqqında sənədlərə pensiya təyin edən orqanlar onların daxil olduğu vaxtdan ən geci 10 gün keçənədək baxırlar.

Sosial təminat şöbəsi pensiya təyin olunmasının rədd edilməsi barədə qərarı 5 gün ərzində rədd cavabının səbəblərini göstərərək bütün sənədlərlə birlikdə idarəyə, müəssisəyə, təşkilata və ya ərizəçiyə göndərir.

Maddə 98. Pensiyaların təyin edilməsi müddətləri

Yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir.

Müddətli xidmət hərbi qulluqçularına əlilliyə görə pensiyalar onların qospitaldan çıxdıqları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, qospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiyası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər.

Ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdə əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir.

Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir.

Maddə 99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri

Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır:

pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə - növbəti ayın 1-dən;

pensiyanın azaldılmasına səbəb olduqda - bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən.

Maddə 100. Bir pensiyadan başqa pensiyaya keçirilmə

Bir pensiyadan başqa pensiyaya keçirilmə lazımi əlavə sənədlər təqdim edilməklə müvafiq ərizənin verildiyi gündən aparılır.

IX. Pensiyaların ödənilməsi

Maddə 101. Pensiyaların yaşayış yerində ödənilməsi

İşləməyən pensiyaçıların pensiyaları pasport qeydiyyatından asılı olmayaraq faktik yaşayış yeri üzrə ödənilir.

Maddə 102. Pensiyaların iş yeri üzrə ödənilməsi

İşləyən pensiyaçılara pensiyalar sosial sığorta vəsaiti hesabına iş yerində ödənilir. Pensiyalar ayın ikinci yarısının əmək haqqı ilə bir vaxtda keçən ay üçün verilir.

Maddə 103. Pensiya verilməsinə təsir edən şərtlərin dəyişdiyi barədə pensiyaçıların, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin sosial təminat orqanlarına məlumat vermək vəzifəsi

Pensiyaların məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda pensiyaçı bu barədə sosial təminat orqanlarına məlumat verməyə borcludur.

İdarənin, müəssisənin və təşkilatın rəhbərliyi pensiyaçıları işə qəbul edərkən bu barədə 5 gün ərzində müvafiq sosial təminat orqanlarına məlumat verməlidir.

Bu vəzifələrin yerinə yetirilmədiyi və həmin səbəbdən pensiyaçıya artıq pul verildiyi hallarda idarə (təşkilat) və ya pensiyaçı dəymiş zərəri sosial təminat orqanlarına ödəməlidir.

Maddə 104. Pensiyaçının sui-istifadə etməsi nəticəsində artıq ödənilmiş pensiya məbləğinin tutulması

Pensiyaçının sui-istifadəyə əl atması (qəsdən düzgün məlumat yazılmayan sənədlər təqdim etməsi, əmək haqqını və ya başqa gəlirini gizlətməsi, ailə üzvlərinin tərkibindəki dəyişikliklər haqqında məlumat verməməsi) nəticəsində artıq ödənilmiş pensiya məbləği sosial təminat orqanlarının qərarı ilə tutulur.

Başqa əsaslara görə tutulan məbləğlərdən əlavə, bu halda pensiyadan tutulan məbləğ pensiyaçıya ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Qanunvericilikdə müəyyən edilmiş bütün tutulan məbləğ pensiyaçıya veriləcək pensiya məbləğinin 50 faizindən artıq ola bilməz.

Borc ödənilib qurtarmamış pensiya verilməsi dayandırılarsa borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

Maddə 105. Etibarnamə üzrə pensiya ödənilməsi və onun rəsmiləşdirilməsi qaydası

Pensiyalar etibarnamə üzrə də ödənilə bilər. Etibarnamə üç il müddətinədək verilə bilər.

Etibarnamədə vaxt göstərilmədikdə o, verildiyi gündən bir il ərzində qüvvədə qalır. Etibarnamə notarius qaydasında və ya evlər idarəsi, yaxud pensiyaçının yaşadığı yerdəki digər mənzil təsərrüfatı təşkilatı və ya pensiyaçının stasionar müalicədə olduğu müalicə müəssisəsi tərəfindən təsdiq edilir.

Maddə 106. Keçmiş müddət üçün pensiyaların ödənilməsi

Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilir.

Maddə 107. Qocalar və əlillər üçün internat evlərdə yaşayan pensiyaçılara pensiya ödənilməsi

Qocalar və əlillər üçün internat evlərdə (pansionatlarda) yaşayan tənha pensiyaçılara təyin olunmuş pensiyanın 50 faizi ödənilir, lakin bu məbləğ yaşa görə minimum pensiyanın 100 faizindən az olmamalıdır.

Qocalar və əlillər üçün internat evlərdə (pansionatlarda) yaşayan pensiyaçının öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olduqda həmin ailə üzvləri üçün hesablanmış əlavələr tam məbləğdə ödənilir.

Gənc əlillər üçün təşkil olunmuş əmək və istirahət evlərində yaşayan əlillərin pensiyası tam məbləğdə ödənilir.

Stasionar sosial xidmət müəssisələrində yaşayan ahılların pensiyalarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 108. Pensiyaçının stasionar müalicədə olduğu dövrdə pensiyanın ödənilməsi

Pensiyaçının müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə onun pensiyası tam ödənilir.

Maddə 109. Azadlıqdan məhrumetmə müddətində pensiya ödənilməsi

Ailə üzvləri üçün əlavə almaq hüququ olan pensiyaçı azadlıqdan məhrum edildikdə onun əmək qabiliyyəti olmayan ailə üzvlərinə düşən əlavələr tam məbləğdə ödənilir. Həmin əlavələr pensiyadan ayrı hesablanır və ailə üzvlərinə verilir.

Maddə 110. Pensiyaçı vəfat etdikdə alınmamış pensiyanın ödənilməsi və dəfn xərci verilməsi

Pensiyaçıya verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış pensiya məbləğləri mirasın tərkibinə daxil edilmədən onun ailə başçısını itirməyə görə pensiya almalı olan şəxslərə aid edilən ailə üzvlərinə ödənilir.

Pensiyaçının valideynləri, əri (arvadı), vəfat etdiyi günədək onunla birgə yaşayan digər ailə üzvləri, o cümlədən ailə başçısını itirməyə görə pensiya almalı olan şəxslərə aid edilməyən ailə üzvləri də həmin məbləğləri almaq hüququna malikdirlər.

Bir neçə ailə üzvü müraciət etdikdə ödənilməli məbləğ onların arasında bərabər bölünür.

Yuxarıda göstərilən məbləğlər pensiyaçının ölümündən ən geci 1 il keçənədək müraciət olunubsa ödənilir.
Pensiyaçı vəfat etdikdə onun ailəsinə üç aylıq pensiya məbləğində dəfn xərci verilir.

Pensiyaçını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn edibsə, həmin məbləğdən artıq olmamaqla dəfn üçün faktik çəkilmiş xərc ödənilir.

Maddə 111. Xaricə köçmüş vətəndaşlara pensiya ödənilməsi

Azərbaycan Respublikasından digər dövlətlərə daimi yaşamaq üçün köçmüş vətəndaşlara pensiya təyin edilmir.

Azərbaycan Respublikası vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş pensiyalar arzularına görə Azərbaycan Respublikası banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

Pensiyaçı daimi yaşamaq üçün xaricə köçdükdə getməzdən əvvəl ona Azərbaycan Respublikasında təyin edilmiş pensiyanın 6 aylıq məbləği qabaqcadan ödənilir. Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara ancaq əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə keçirilməsi qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.

Azərbaycan Respublikası ilə başqa dövlətlər arasında sosial təminat haqqında sazişlərdə (müqavilələrdə) bu Qanundan fərqli qaydalar nəzərdə tutulduqda həmin sazişlərdə (müqavilələrdə) müəyyən edilmiş qaydalar tətbiq olunur.

X. Qanunun qüvvəyə minməsi ilə əlaqədar əvvəl təyin edilmiş
pensiyaların yenidən hesablanması

Maddə 112. Əvvəllər təyin edilmiş pensiyaların yenidən hesablanması

Vətəndaşların əvvəllər təyin edilmiş pensiyaları bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiya işində olan yaşa, staja, gəlirə dair və digər sənədlər əsasında yenidən hesablanır.

Pensiyaçı sonralar bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiyanın artırılmasına hüquq verən əlavə sənədlər (iş stajı, gəlir, ailə vəziyyəti və s. haqqında) təqdim edərsə, keçmiş müddət üçün əlavə sənədlərin təqdim edildiyi gündən əvvəlki 12 aydan çox və Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq pensiya bu Qanunun normaları əsasında yenidən hesablanır.

Bu Qanunla yenidən hesablanmış pensiyanın məbləği əvvəllər təyin edilmiş pensiyanın məbləğindən az olarsa, pensiya əvvəlki məbləğdə ödənilir.

Maddə 113. Pensiyalar yenidən hesablanarkən nəzərə alınan gəlir

Əvvəllər qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş pensiyalar pensiyaçıların arzusu ilə onların bu Qanun qüvvəyə minənədək, yaxud onlara pensiya təyin ediləndən əvvəlki 2 ilin və ya 5 ilin orta aylıq əmək haqqından, yaxud əvvəllər pensiyanın hesablanması üçün əsas götürülmüş əmək haqqından bu Qanunun 71-74, 78, 79-cu maddələri tətbiq edilməklə yenidən hesablanır.

1 yanvar 1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün əsas götürülmüş əmək haqqı 1996-cı ilin yekununa görə respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır. Bu zaman rublla hesablanmış əmək haqqı bu Qanun qüvvəyə minən tarixə olan vəziyyətə elan edilmiş manata nisbətdə rəsmi kurs üzrə nəzərə alınır.

Maddə 114. Qanunun qüvvəyə minməsi ilə əlaqədar güzəştli şərtlərlə pensiya təyin edilməsi

Bu Qanun qüvvəyə minənədək qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş zərərli və ağır işlərdə çalışan şəxslərə yaşa görə pensiyalar aşağıdakı şərtlərlə təyin edilir:

a) bu Qanunun qüvvəyə mindiyi günədək göstərilən işlərdə güzəştli şərtlərlə pensiya almaq hüququ verən tam stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanunda nəzərdə tutulan məbləğlərdə təyin edilir.

b) zərərli və ağır əmək şəraitində tam iş stajına malik olmayan şəxslərə güzəştli şərtlərlə pensiya təyin olunması üçün bu Qanunun 12-ci maddəsində müəyyənləşdirilmiş yaş həddi 13-cü maddədə nəzərdə tutulmuş qaydada mövcud staja mütənasib surətdə azaldılır. Bu zaman güzəştli şərtlərlə iş stajı üçün əvvəlki qanunvericilikdə müəyyən edilmiş tələblər əsas götürülür.

XI. Naxçıvan Muxtar Respublikasının, Respublika Pensiya Fondunun,
yerli hakimiyyət orqanlarının, əmək kollektivlərinin pensiyaçıların
maddi təminatı sahəsində hüquqları

Maddə 115. Naxçıvan Muxtar Respublikasının, Respublika Pensiya Fondunun, yerli hakimiyyət orqanlarının hüquqları

Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Heyətinin, habelə yerli hakimiyyət orqanlarının qərarları ilə onların hüquqları daxilində müvafiq büdcələrin vəsaiti hesabına pensiyaçılar və əlillər üçün aşağıdakılar müəyyən edilə bilər:

respublikada minimum istehlak xərclərinin dəyişməsinə və əmək haqqının artmasına müvafiq surətdə dövlət pensiyalarının bütün növlərinə əlavələr;

qulluğa ehtiyacı olan kimsəsiz pensiyaçıların pensiyalarına əlavələr;

işləyən pensiyaçılara pensiya ödənilməsinin, habelə konkret demoqrafik vəziyyət nəzərə alınmaqla uşaqlı qadınların yaşa görə pensiyaya çıxmasının bu Qanuna nisbətən daha güzəştli şərtləri;

tibbi xidmət və sanatoriya-kurort müalicəsi üzrə güzəştlər;

mənzil sahəsinin, kommunal xidmətlərin haqqının ödənilməsi və ictimai nəqliyyatdan istifadə üzrə güzəştlər;

fərdi nəqliyyat vasitələrinin (avtomobillərin, avtoarabaların və kreslo-arabaların), yanacağın, ərzaq məhsullarının, paltarın, ayaqqabının və pensiyaçılara zəruri olan başqa malların ticarətinin təşkili və dəyərində güzəştlər;

pensiyaçılar mədəni-maarif, teatr-tamaşa müəssisələrinə gedərkən biletlərin dəyərinin ödənilməsi üzrə güzəştlər;

pensiyaçıların, ən əvvəl daha aztəminatlıların, kimsəsizlərin, azyaşlıların, ata-anadan yetimlərin və əlillərin, müharibə iştirakçılarının və arxa cəbhə əməkçilərinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş başqa tədbirlər.

Maddə 116. Əmək kollektivlərinin hüquqları

Müəssisə və təşkilat müdiriyyətinin ixtiyarı var ki, həmkarlar ittifaqı komitəsi və əmək kollektivi şurası ilə birlikdə istehlak fondu hesabına həmin kollektivdə işləmiş veteranların və əlillərin, başqa pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələləri həll etsin, o cümlədən:

işçinin əmək töhfəsini, ümumi və fasiləsiz iş stajını nəzərə almaqla dövlət pensiyasına əlavə müəyyən etsin;

əlverişsiz əmək şəraitində, yaxud xüsusi iqlim şəraiti olan rayonlarda çalışan işçilər bu Qanuna müvafiq surətdə əmək şəraitinə görə güzəştli pensiya almaq hüququna malik deyildirsə, onlar üçün vaxtından qabaq pensiyalar tətbiq etsin;

kənardan yardıma ehtiyacı olan kimsəsiz pensiyaçılara qulluq üçün pensiyalara əlavə müəyyən etsin;

pensiyalara fərdi əlavə tətbiq etsin, həmin əmək kollektivi qarşısında xüsusi xidmətləri və ilk növbədə yüksək əmək nailiyyətləri olan işçilər pensiyaya çıxarkən onlara birdəfəlik müavinət versinlər.

Müəssisə və təşkilatın ixtiyarı var ki, sosial inkişaf üçün nəzərdə tutulmuş vəsait hesabına öz sərəncamlarında olan mənzil sahəsinin, uşaq tərbiyə müəssisələrində uşaqların saxlanması pulunu ödəməklə pensiyaçılara güzəştlər müəyyən etsinlər, yanacağın, kommunal xidmətlərin, fərdi nəqliyyat vasitələrinin, pensiyaçılara zəruri olan başqa malların pulunu, mənzil, qaraj tikintisi, bağçılıq kooperativlərində payçılıq qaydası ilə verilməli üzvlük haqlarını, mədəni-maarif və teatr-tamaşa müəssisələrinə getmək üçün biletlərin pulunu qismən və ya tamamilə ödəsinlər, pensiyaçılara başqa yardım göstərsinlər.

Müəssisələr və təşkilatlar pensiyaçılara həmin müəssisə və təşkilatların sərəncamında olan idman-sağlamlıq komplekslərindən, istirahət evlərindən, pansionatlardan, sanatoriyalardan, mədəni-maarif müəssisələrindən istifadə etmək hüququ verməyə borcludurlar.

Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz Elçibəy
Bakı şəhəri, 23 sentyabr 1992-ci il
№ 305

28 iyun 1994-cü il tarixli, 839 nömrəli; 29 avqust 1995-ci il tarixli, 1090 nömrəli; 13 iyun 1997-ci il tarixli, 321-IQD nömrəli; 26 iyun 1997-ci il tarixli, 358-IQD nömrəli; 2 aprel 1999-cu il tarixli, 646 nömrəli; 3 mart 2000-ci il tarixli, 817-IQD nömrəli; 26 dekabr 2000-ci il tarixli, 48-IIQ nömrəli; 2 fevral 2001-ci il tarixli, 70-IIQD nömrəli; 20 fevral 2001-ci il tarixli, 90-IIQD nömrəli; 27 mart 2001-ci il tarixli, 108-IIQD nömrəli; 23 noyabr 2001-ci il tarixli, № 219-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 316-IIQD nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 357-IIQD nömrəli; 30 sentyabr 1997-ci il tarixli, 375-IQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli; 6 yanvar 2004-cü il tarixli, 569-IIQD nömrəli; 13 yanvar 2004-cü il tarixli, 589-IIQD nömrəli qanunlara və 29 dekabr 1999-cü il tarixli; 22 may 2001-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarlarına əsasən dəyişikliklər və əlavələrlə

(1) Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır (Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-IQD nömrəli Qanununun 1-ci bəndi).

"Əmək pensiyaları haqqında " Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il

"Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilmişdir. Qanunun son versiyası - 05 yanvar 2006-cı il № 250-IQ

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 21 oktyabr 2005-ci il № 1027-IIQ

"Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi barədə - 3 dekabr 2004-cü il № 794-IIQD

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 3 dekabr 2004-cü il № 790-IIQ

"Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi barədə -18 iyun 2004-cü il № 700-IIQD

"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə - 01.06.2004 № 679-IIQD

Dövlət qulluqçularinin pensiya təminati haqqinda Azərbaycan Respublikasinin
Qanunu - 01.06.2004

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu -13 yanvar 2004-cü il № 589-IIQD

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 28 noyabr 2003-cü il № 517-IIQ

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2003-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 22 noyabr 2002-ci il №381-IIQ

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunu -
27 noyabr 2001-ci il №221-IIQ

"Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikasının qanunu -
24 oktyabr 2000-ci il №937-IQ

"Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının qanunu - 9 dekabr 1997-ci il №406-IQ

"Qrant haqqında" Azərbaycan Respublikasının qanunu 17 aprel 1998-ci il №483-IQ

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunu -18 fevral 1997-ci il №250-IQ

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu -23 sentyabr 1992-ci il №305

Share |