İlham Əliyev: "Desəm ki, bu, bizi qane edir, əlbəttə, səhv edərəm. Bu, bizi qane etmir"
"Biz elə etməliyik ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin. Azərbaycanda, əlbəttə ki, yoxsul təbəqə də var."
Prezident İlham Əliyev Salyanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə sosial məsələlərlə bağlı danışıb: “Biz bütün vətəndaşların problemlərini həll etməliyik. Xüsusilə büdcə təşkilatlarında işləyənlərin əmək haqlarını, pensiyaçıların pensiyalarını artırmaq üçün bizdə imkanlar var və bu il bu artım gözlənilir. Əvvəlki illərdə minimum əməkhaqqı, minimum pensiya böyük dərəcədə artırılıb və deyə bilərəm ki, Azərbaycan bu göstəricilərə görə bu gün MDB məkanında ən yüksək yerlərdədir. Ancaq əgər desəm ki, bu, bizi qane edir, əlbəttə, səhv edərəm. Bu, bizi qane etmir. Biz elə etməliyik ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin.
Azərbaycanda, əlbəttə ki, yoxsul təbəqə də var. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük bir addımdır. Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər”.
03.05.2010
Qazancim.az





