You are here: Home Xəbərlər İşsiz-peşəsiz peşə məktəbləri...
 
 

İşsiz-peşəsiz peşə məktəbləri...

by Samir Qasimov last modified Apr 01, 2010 01:32 PM

"Elə uşaqlar var ki, adlarını yazdırıblar, amma dərsə gəlmirlər"

Geniş həyəti, iki korpusu olan bir ərazidə yerləşən Bakı 14 saylı peşə məktəbində səssizlikdir. Həyətdə bir neçə avtomobil var, bir oğlan həvəslə maşın yuyur. Dərsin bitdiyini bildirən zəngin çalınmasıyla çölə çıxan beş-on oğlan-qızın hay-küyü bu sakitçiliyi pozsa da, az keçmir, məktəbin həyətinə yenidən sükut çökür. 

pese mektebleri

Məktəb rəhbərliyini soraqlayıb emalatxana binasına gedib çıxıram. Otaqların birində qızlar paltar tikirdilər. Dərs vaxtı bitsə də, onlar işləyirdilər. Bir-iki otaq o yanda isə adamı dəri iyi vururdu. Yaxınlaşanda iri otaqda onlarla cüt ayaqqabının taxçalara düzüldüyünü gördüm. Bir neçə usta işlə məşğul idi:

- Bura iş yeridir, yoxsa məktəb? 

- İş yeri. 

Ustalardan birindən soruşduq ki, şəyird götürürlərmi? 

- Götürürük. 

- Bir sənəd də verəcəksizmi?

- Sənəd istəyirsə, məktəbə girməlidir. 

- Neçə aya öyrədəcəksiz? 

- O baxır uşağın qabiliyyətinə, öyrənməsinə. 

Direktor müavininin otağında onu gözlədiyimiz vaxt isə müəllimələrdən birinin əlindəki telefon nömrələri olan bir kitabçayla telefona yaxınlaşdığını və bir-bir kimlərəsə zəng elədiyini gördük. O, Elşən adlı bir adamdan hansısa sənəd istəyirdi:

- Sənədlər yerində olmalıdır. Onu gətirməsən, neyləsən də, diplom ala bilməyəssən. 

O biri nömrələr cavab vermədi, məni otağa dəvət qadın isə görünür, nədənsə şübhələnib müəlliməni bir bəhanəylə çölə çıxardı. 

Mən peşə məktəbində olanda dərs vaxtı qurtarırdı, binadan çölə çıxan uşaqların sayı isə heç də burda 400-dən çox şagirdin təhsil almasından xəbər vermirdi. 

Bizimlə söhbət edən şagirdlər də dedilər ki, qrup yoldaşlarının bəziləri dərsə gəlmirlər: 

- Elə uşaqlar var ki, adlarını yazdırıblar, amma dərsə gəlmirlər.

Bakıdakı 1 nömrəli texniki-peşə məktəbinin mühasibatlıq kursunda oxuyan, adını şərti Səlimə İsmayılova göstərdiyimiz tələbənin də sözlərinə görə, onların sinifində olan 15 şagirddən 6-7-si mütəmadi dərsə gəlmir:

- O sinif yoldaşlarımız ali məktəbə hazırlaşırlar. Orta məktəbdən də ona görə çıxıb bura giriblər ki, repetitor yanına rahat getsinlər.

 

01.04.2010
Azadliq.org

                         Klik

Share |