You are here: Home Xəbərlər "Kvadratmetrini 800-900 manata satdığımız mənzilləri indi 500 manata sata bilmirik"
 
 

"Kvadratmetrini 800-900 manata satdığımız mənzilləri indi 500 manata sata bilmirik"

by Emin Huseynzade last modified Jan 26, 2010 12:13 PM

“Dəbdəbə” MTK-nın sədri: “Alıcı yoxdur, binadakı mənzillərin əksəriyyəti boşdur. Tikinti şirkətləri müflisləşib, işləri pis gündə olduğundan bu şirkətlərin çoxu faktiki fəaliyyət göstərmir”.

“Qlobal maliyyə və iqtisadi böhran Azərbaycanın mənzil bazarına öldürücü zərbə vurub. İlin əvvəlinədək hər kvadratmetrini 800-900 manata satdığımız mənzilləri indi 500 manata sata bilmirik. Özü də şəhərin mərkəzində. Buna görə də tikinti şirkətləri müflisləşib, işləri pis gündə olduğundan bu şirkətlərin çoxu faktiki fəaliyyət göstərmir”.

Bakıda mənzil tikintisi ilə məşğul olan məşhur şirkətlərindən biri - “Dəbdəbə” MTK-nın sədri Eldəniz Əzizov Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin Bakıda tikdiyi yaşayış binaları tam hazırdır: “Bu gün mənzili alan şəxs onu təmir edib içərisində yaşaya bilər. Hazırda bizim tikdiyimiz binaların hamısında yaşayış var. Ən sonuncu binada isə insanlar artıq 4 aydır ki, yaşayır. Yeni ildən sonra binanın istismara qəbuluna dair dövlət aktının alınması prosesinə başlayacağıq. Artıq bütün sənədlər hazır vəziyyətdədir. Tikdiyimiz binanı xadimələr hər gün süpürür. Özümüzün xüsusi komendantımız, elektrikimiz, liftçimiz var. Amma alıcı yoxdur, binadakı mənzillərin əksəriyyəti boşdur”.

Sahibkar bildirir ki, uzun müddətdir alıcı gözləyən həmin bina lazımi infrastrukturla təchiz olunub. Belə ki, bina kanalizasiya kollektoruna qoşulmuş vəziyyətdədir. İtaliya istehsalı olan lift işləyir, həyətdə 600 kubmetr tutumu olan su anbarı, yarımstansiyası var: “Amma bütün bunların müqabilində evlərin kvadratmetrini 500 manata sata bilmirik. Bu vəziyyətdə tikinti şirkəti yeni binanın inşasına başlaya bilərmi?”

Eldəniz Əzizov mənzil bazarındakı vəziyyətin tezliklə düzələcəyinə inanmır. Onun fikrincə, dünyada gedən proseslər heç də xoş təəssürat yaratmır: “Gələn il nə olacağını heç kim proqnozlaşdıra bilməz. İlin əvvəlindən müsbət irəliləyişlər müşahidə oluna bilər, ancaq hazırkı vəziyyətə, beynəlxalq qurumların proqnozlarına baxanda görürük ki, ən azı iki il müddətində vəziyyət bu cür davam edəcək. Ən yaxşı halda vəziyyət 10-20 faiz yaxşılaşa bilər. Çünki Qərb ölkələrinin tikinti şirkətləri böhran dövründə milyardlarla pullar itirib”.

“Dəbdəbə” MTK-nın rəhbəri vurğulayır ki, vəziyyət bu cür davam etsə, 2010-cu ildə Azərbaycanda fəaliyyətini dayandıran tikinti şirkətlərinin sayı artacaq. Buna səbəb isə tikintisi başa çatmış binalarda mənzillərin satılmamasıdır: “Bakıda yeni tikilmiş binaların çoxu hələ də satılmayıb. Biz özümüz də boş binaların əlindən bilmirik hara qaçaq. Şirkətlər xərclədikləri pulları götürə bilmirsə, necə fəaliyyət göstərə bilər? Heç cür! Problem ondadır ki, yaxın dövr üçün vəziyyətin necə olacağını da dəqiq proqnozlaşdırmaq mümkün deyil”.

Elxan SALAHOV
lent.az
01.12.2009

                     75 AZN qazanmaq istəyirsən?

Share |