Aydın Bəşirov: “İşləmək üçün xaricə gedən Azərbaycan dənizçiləri geri qayıtmağa pulları olmadığından bəzən dilənmək məcburiyyətində qalırlar”
Azərbaycan Dövlət
Xəzər Dəniz Gəmiçiliyinin (XDG) rəisi Aydın Bəşirov azərbaycanlı dənizçilərin
xarici sularda üzləşdikləri problemlər və bu problemləri doğuran səbəblərlə
bağlı maraqlı faktlar açıqlayıb. Bakıda bəzi adamlar XDG-nin, yaxud
ARDNŞ-in gəmiçiliyinin yan yörəsində gəzir, dənizçilərimizi tovlayıb xaricə
aparırlar. “Nəticədə işlədikləri şirkətlərdən işə düzəltmə müqabilində faiz
alırlar. Azərbaycan dənizçiləri xaricə yüksək maaş adı ilə gedirlər, amma
ciblərindəkini də orada qoyub qayıdırlar”, - deyə A. Bəşirov vurğulayıb.
Onun sözlərinə görə, xaricə işləməyə gedən
dənizçilər orada 3 aylıq müqavilə bağlasalar da, onları 5-6 ay işlədir, 3 ayın
pulunu verirlər. Onların çoxunu isə elə gəmilərə göndərirlər ki, həmin
gəmilərin sahibləri bəlli olmur: “Məsələn, gəmi Malta və ya Banqladeş bayrağı
altında üzür, sahibi isə Türkiyədə, İtaliyada, yaxud digər ölkədədir. Sonda çox
vaxt dənizçilərin gəmi şirkətlərinin sahiblərini məhkəməyə vermələrinin də
nəticəsi olmur”.
Xaricə gedənlərə bəzən nəinki maaş, heç geri
qayıtmağa belə pul verilmədiyini deyən Bəşirov - İtaliyada, Sinqapurda geri
qayıtmağa pul toplamaq üçün dənizçilərin bəzən dilənmək məcburiyyətində
qaldıqlarını deyib: «Bir il əvvəl 35 yaşlı dənizçi getdi xaricdə işləməyə,
meyiti gəldi. O qədər olub ki, gəmilərdə özlərini asıblar, çoxundan heç
xəbəriniz yoxdur».
XDG rəisi hazırda rəhbərlik etdiyi qurumda boş iş yerlərinin olduğunu, mütəxəssislərə ehtiyac duyulduğunu, işçilərə isə xaricdəkindən yüksək əməkhaqqı verdiklərini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda gəmiçinin əməkhaqqı orta hesabla 1000 manata yaxındır.
O, azərbaycanlı dənizçilərin bəzilərinin xarici gəmilərdə saxta diplomlarla
işlədiyini də qeyd edib: “Bəzən xaricə saxta diplomlarla gedirlər. Motorçu hardansa, Batumidən,
Ukraynadan 5-6 min dollar verib diplom alır və baş mexanik kimi çalışır. Ya
bosmandır, ya matros, amma sertifikat alıb, gəmidə kapitan işləyir. Mən
elələrini çox tanıyıram. Elə gəmi var ki, heyət iki yerə bölünüb. Heyətin 70%-i
azərbaycanlılar, qalanı ukraynalılar və digər millətlərdir. Kapitan bilmir,
fırtınada gəmini necə qorusun”.
Daxili sularda üzən dənizçilər 3 gündən bir ailəsinin yanında olur, həmçinin
təqaüdə çıxdıqda yaxşı pensiya alırlar: «İndi başqa variant tapıblar. Gedib
xaricdə işləyir, son 3 ili isə XDG-də işləyib buradan pensiyaya çıxmağa
çalışırlar. Bu gün XDG-də bütün sahələr üzrə vakant iş yeri var. Gəlsinlər
işləməyə, yaxşı sənətkardırlarsa, işə götürəcəyik. Saxta diplomlular isə işə
götürülməyəcək. Çünki onlar gündə bir gəmini batıracaqlar”.
05.03.2010
Qazancim.az






Previous:
Ölkə üzrə ən aşağı əməkhaqqı Şəki-Zaqatala iqtisadi rayonundadır
