Manat dəyərdən düşür
Yanvar ayında Azərbaycanın milli valyutası ABŞ dollarına nəzərən son 4 ayda ən aşağı səviyyəyə qədər ucuzlaşıb.
Yanvar ayında Azərbaycanın milli valyutası ABŞ dollarına nəzərən son 4 ayda ən aşağı səviyyəyə qədər ucuzlaşıb. Avroya nisbətdə isə milli valyutamız ən yüksək həddə qədər bahalaşıb.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, ötən ay Azərbaycan manatı ABŞ dollarına nisbətən 0,1 faiz ucuzlaşıb. Belə ki, yanvar ayı ərzində 1 ABŞ dolları 0,8029-dan 0,8035 manata yüksəlib. Dollar manata nisbətən son 4 ayda maksimum həddə çatıb. ABŞ valyutasının manata nisbətən məzənnəsi sonuncu dəfə ötən ilin oktyabr ayının əvvəlində bu səviyyədə olub.
Xatırladaq ki, 2009-cu ildə Azərbaycan manatı ABŞ valyutasına nisbətən ümumilikdə 0,2 faiz qiymətdən ucuzlaşmışdı. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda dekabrın sonuna 0,8031 manata kimi yüksəlib. Ötən il manatın dollara nisbətən ən yüksək həddi (0,8015) yanvarın əvvəli qeydə alınıb.
Avro zonada yaranan gərginlik səbəbindən avronun son vaxtlar digər valyutalara nisbətən ucuzlaşması öz təsirini manata nisbətdə də göstərib. Belə ki, ötən ay manat dollardan fərqli olaraq avroya nisbətən 3,7 faiz bahalaşıb. Yanvarda 1 avro 1,1575-dən 1,1152 manata kimi ucuzlaşıb. Avropa valyutası bununla da son 7,5 ayda minimum həddə qədər dəyərdən düşüb. Avro sonuncu dəfə iyunun 17-də 1,1150 manat olub.
2009-cu ildə isə ümumilikdə manat avroya nisbətən 3,4 faiz ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1123 manatdan ilin sonuna 1,1499 manata kimi yüksəlib. Yeni ildə manat Britaniya funt sterlinqinə nisbətən 0,4 faiz ucuzlaşıb. Ötən ay ərzində 1 funtun məzənnəsi 1,2911 manatdan 1,2962 manata kimi yüksəlib. 2009-cu ildə manat Britaniya puluna nisbətən 10 faiz dəyərdən düşüb.
02.02.2010
Qazancim.az
az.mojazarplata.org/Azerbaijan - az
Feb 02, 2010





Previous:
Naxçıvanda da internet qiymətləri endirildi. Tariflərin siyahısı bizdə.
